Saat:16:24
Haqqımızda

"Almaniya Bakı ilə İrəvan arasında vasitəçilik təşəbbüslərini gücləndirib" - POLİTOLOQ

2024-04-25 11:23:43

"Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi özünü onda göstərdi ki, Berlin Azərbaycanla Ermənistan arasındakı sərhəd razılaşmasını təqdir etdi, Parisdən isə səs çıxmadı"

"Fransanın anti-Azərbaycan siyasəti bu ölkəni Avropanın digər iddialı ölkəsi olan Almaniyanın gerisinə sürükləyib. Berlin fürsətdən məharətlə istifadə edib. Fransa prezidenti Emmanuel Makron qatı ermənipərəst və anti-Azərbaycan siyasəti ilə Bakı ilə İrəvan arasında vasitəçilik imkanlarını itirib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun sözlərinə görə, Almaniyanın kansleri Olaf Şolts yaranan bu vəziyyəti doğru qiymətləndirərək Bakı ilə İrəvan arasında vasitəçilik təşəbbüslərini gücləndirib: "Almaniya kansleri fevral ayında Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçlü görüş təşkil etdi. Bundan bir müddət sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Berlində müzakirələri davam etdirdilər. Azərbaycanla Ermənistan arasındakı son razılaşmalar vasitəçi olmadan əldə edilib. Buna baxmayaraq, İrəvan və Bakı Berlinin vasitəçiliyindən imtina etmirlər".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, Azərbaycan prezidentinin aprelin 26-da Almaniyaya səfəri bu siyasətin tərkib hissəsidir: "İlham Əliyev səfər öncəsi Almaniyanın siyasəti barədə müsbət fikirlər söyləyib. İlham Əliyev vurğulayıb ki, Azərbaycanın Almaniya ilə sərmayə qoyuluşu və dövlət strukturları ilə müqavilələrin bağlanılmasına dair planları var. Vaxt var idi, bu kimi müzakirələr Fransanın rəhbərliyi və işgüzar dairələri ilə aparılırdı. Makron yaxın keçmişdəki əlaqələrin üstündən xətt çəkdi. İtirən Fransa oldu. Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi özünü onda göstərdi ki, Berlin Azərbaycanla Ermənistan arasındakı sərhəd razılaşmasını təqdir etdi, Parisdən isə səs çıxmadı".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.165895